18/07/2018 18:49

Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçib

Dövlət Təhlükəsizliyi Xidmətinın (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev əsgərlərə cüdo idman növü üzrə master-klass keçib.

Bu barədə “AzeriDefence” DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır.

Həmçinin əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçiblər.