15/05/2019 15:31

MILEX-2019: Azərbaycan və Belarus nümayəndə heyətləri arasında görüş keçirilib

Bu gün Minskdə keçirilən MILEX-2019 sərgisi çərçivəsində Azərbaycan və Belarus nümayəndə heyətləri arasında görüş keçirilib.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Belarus arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Roman Qolovçenko qeyd edib ki, iki ölkə arasında müdafiə sahəsində yaxşı əlaqələr var. Belarus müəssisələrinin Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında yaxından iştirak etdiyini deyən Roman Qolovçenko bu iştirakın növbəti illərdə də yeni layihələr əsasında davam edəcəyini vurğulayıb. Roman Qolovçenko ilk dəfə MILEX sərgisinə qatıldığına görə, Müdafiə Sənayesi Nazirliyinə təşəkkürünü bildirib.

Yəhya Musayev də iki ölkə arasında yüksək səviyəli münasibətlərin olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə beynəlxalq səviyəli tədbirlərdə dövətlərin bir-birinə dəstəyini ifadə ediblər. Müdafiə sənayesi nazirinin müavini bildirib ki, Belarusun Azərbaycan Ordusunun təminat-təchizatıda yer alması və Azərbaycanla Belarus şirkətləri arasındakı münasibətlər çox yüksək səviyədədir. Yəhya Musayev bu əlaqələrin müdafiə sənayesi sahəsində də inkişafına Azərbaycanın maraqlı olduğunu bəyan edibdir.

Daha sonra, Müdafiə Sənayesi Nazirliyinin heyəti Belarus müəssisələrində istehsal edilən müdafiə təyinatlı avadanlıqlar, silah və texnikaların nümunələri ilə tanış olublar. Onlara yeni nümunələr barədə məlumat verilib. Yəhya Musayev Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrinə indiyə qədər keçirilən 3 ADEX sərgisində Belarusun yaxından və geniş tərkibdə iştirakına görə, öz təşəkkürünü ifadə edib.

Daha sonra, Yəhya Musayev Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubileyi medalı ilə təltif olunub.