15/05/2019 11:22

MILEX-2019 sərgisi işə başlayıb – FOTOLAR – YENİLƏNİB

Bu gün Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində MILEX-2019 IX beynəlxalq silah və hərbi texnika sərgisi işə başlayıb.

Sərgidə iştirak edən “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun verdiyi məlumata görə, səhər saatlarında sərginin açılışı “Stalin xətti” adlanan ərazidə nümunəvi nümayişlərlə keçirilib.

Açılış mərasimində Belarusun baş naziri tərəfindən Prezident Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına məktubu oxunub. MILEX-2019 sərgisində iştirak edənləri salamlayan Prezident Aleksandr Lukaşenko müdafiə sənayesi sahəsində əlaqələrin dərinləşməsində bu sərginin böyük töhfə verəcəyini qeyd edib. Sonra Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev və Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko çıxış edib. Daha sonra, Belarus rəsmiləri, eləcədə qonaqlar sərgidə iştirak edən şirkətlərin stendlərinə baş çəkərək burada nümayiş etdirilən silah və sursatlarla, hərbi texnikanın nümunələri ilə tanış olublar.

MILEX-2019 sərgisində Azərbaycan daxil olmaqla 10 dövlətdən 170 müdafiə sənayesi şirkəti öz məhsulunu nümayiş etdirir. Sərgidə Azərbaycan, Belarus, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikasından geniş tərkibdə nümayəndə heyəti iştirak edir.

MILEX-2019-da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ilk dəfə təmsil olunur. MSN-in stendində Azərbaycan istehsalı olan snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatlarının nümunələri sərgilənir. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti sərgidə iştirak edir.

Sərgidə həmçinin Azərbaycandan Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti, eləcədə “Azairtechservice” şirkətindən nümayəndələr ziyarətçi qismində iştirak edirlər. Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, eləcədə Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə Belarus və digər ölkələrdən olan şirkətlər arasında görüşlər keçirilib. İki tərəfli hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Yeni silah və hərbi texnika nümunələrinə bağış keçirilib.

MSN-nin nümayəndə heyətindən bildirilib ki, ilk dəfə qatılan sərgidə əsasən bu gün Azərbaycanda istehsal edilən və ixraca təklif olunan silah və sursatlar nümayiş etdirilir.

Qeyd edək ki, 2001-ci ildən etibarən iki ildən bir keçirilən MILEX sərgisi iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunur.