30/09/2019 11:00

MİLGEM sinifli dördüncü korvet HDQ-yə təhvil verilib

Türkiyə Müdafiə Sənayesi Komitəsi (SSB) tərəfindən həyata keçirilən MİLGEM (Milli Gəmi) Korveti Layihəsi çərçivəsində inşa olunan dördüncü və son  TCG “Kınalıada” (F-514) korveti prezident Rəcəp Tayyip Ərdoğanın iştirak etdiyi tədbirdə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

“Kınalıada” hərbi gəminin döyüş idarəetmə sistemləri ASELSAN və HAVELSAN şirkətləri tərəfindən hazırlanıb.

ASELSAN şirkəti MİLGEM döyüş sistemində inteqrə rabitə sistemi, elektron mübarizə sistemi, elektro optik sistemlər, naviqasiya sistemləri, radarlar, hava müdafiə ve silah sistemləri, atış kontrol sistemləri və s. həyata keçirib.

HAVELSAN şirkəti isə TCG “Kınalıada”nı Şəbəkə Dəstəkli Döyüş İdarəetmə Sistemi (ADVENT) ilə təchiz edib.

TCG “Kınalıada” korveti üzərində ROKETSAN şirkəti tərəfindən istehsal olunan “Atmaca” gəmi əleyhinə raketlər inteqrasiya olunub. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb.

Gəminin generatorları İŞBİR Elektrik şirkəti, sonar sistemi isə “METEKSAN Savunma” şirkəti tərəfindən istehsal edilib.