30/05/2012 05:18

Milli Aviasiya Akademiyası kosmik texnologiya ixtisasları üzrə tələbə qəbulu elan edib

Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) 2012/2013-cü tədris ili üçün “Kosmik texnologiyalar mühəndisliyi”, “Kosmik texnika mühəndisliyi”, “Kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edib. Bu barədə “AzeriDefence” Akademiyanın saytına istinadən məlumat verib.

Göstərilən ixtisaslara yüksək bal toplayaraq qəbul olan, ingilis və rus dilləri üzrə yüksək bilik nümayiş etdirən tələbələr bu sahədə xarici ölkələrin aparıcı universitetlərinə təhsil almaq üçün göndəriləcəklər.

Akademiyanın bu qərarı Azərbaycan Prezidentinin 17 avqust 2009-cu il tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş kosmik sənaye və peyk sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması müddəasını həyata keçirmək məqsədi daşıyır.