25/12/2018 14:20

Milli Qvardiyanın yaradılmasından 27 il ötür

Bu gün Azərbaycanda Milli Qvardiyanın yaradılmasından 27 il ötür.

“AzeriDefence”nin məlumatına görə Milli Qvardiya 25 dekabr 1991-ci ildə yaradılıb.

İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik kontrakt əsasında olub. Şəxsi heyətin seçimi MTN, DİN və Müdafiə Nazirliyinin kadr orqanlarının köməkliyi ilə həyata keçirilib. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırılıb. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradılıb.

Milli Qvardiyanın şəxsi heyəti Qarabağda gedən döyüş əməliyyatlarında yaxından iştirak edib,  hərbi qulluqçulardan 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıblar. Milli Qvardiyanın alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.