30/03/2016 17:23

Misir nümayəndə heyəti Azərbaycanın hərbi sənayesi ilə tanış olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Görüşdə Azərbaycan ilə Misir arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Misirin Azərbaycandakı səfiri xanım Suzanne Mohamed Gamil də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində olaraq istehsal prosesini izləyib.