22/04/2017 21:09

MKE şirkəti idarə olunan silah sistemləri üzərində işləyir

Türkiyənin köklü müdafiə sənayesi qurumlarından olan MKE şirkəti ötən ay Milli Piyada Tüfənginin (MPT-76) ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verdi. Son dönəmdə fəaliyyətlərində xüsusi canlanma müşahidə olunan MKE Azərbaycan Silahlı Qüvvələri və müdafiə sənayesi ilə də sıx əlqələrə malikdir. MKE-nin hazırkı fəaliyyəti,  Azərbaycanla əlaqələr, üzərində işlədiyi perspektiv layihələr barədə təşkilatın baş direktoru cənab Əhməd Daşqın AZERİ DEFENCE jurnalının suallarını cavablandırıb.

–    Əhməd bəy, MKE bu yaxınlarda MPT-76 tüfənginin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verdi. MPT-76 və bu silah xəttinin davamı olan MPT-55 tüfənginin taktiki-texniki xüsusiyyətləri, sözügedən silahların istehsalı proqramındakı mövcud vəziyyət barədə fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.

–  Qeyd etdiyiniz kimi, MPT-76 piyada tüfənginin 500 ədədlik ilk partiyasını yanvar ayında Silahlı Qüvvələrə təhvil verdik. Qalan 19500 ədədlik hissənin isə təxminən bir il ərzində sifarişçiyə çatdırılması planlaşdırılır. MPT-76 tüfənginin yaradılması MKE-nin rəhbərliyi altında gerçəkləşdirilib. İstehsalını isə bizimlə birlikdə, MKE-nin texniki şərtlərindən istifadə eləməklə daha iki firma (“Kale Kalıp” və “Sarsılmaz” – red.) həyata keçirəcək. Onların istehsal edəcəyi həcm bizim istehsal həcmimizdən az olacaq.

Növbəti ildən həm daxili, həm də xarici bazarı nəzərə alsaq, MPT-76 istehsalının MKE-nin istehsal xəttində əsas yeri tutacağı gözlənilir.

MPT-55 avtomatı isə 5.56×45 mm çaplıdır. Silahın sınaqları tamamlandı və seriyalı istehsalına hazırıq. Bunun üçün polislə və xarici ölkələrdən istifadəçilərlə görüşmələrimiz var. Hər iki silaha bizim gözləmədiyimiz qədər böyük tələb mövcuddur. Doğrusunu deyim ki, biz bu qədər böyük tələb gözləmirdik. Bu tələbləri qarşılamaq üçün silahın müxtəlif hissələrini bazardakı digər firmalara hazırlatdırmağı düşünürük.

MPT-76 və MPT-55 tüfəngləri əməliyyat tələblərinə uyğun olaraq iki fərqli – uzun və qısa lüləli (8 sm fərqlə) olmaqla istehsal edilir. Silahların dizaynı və iş prinsipi eynidir. Belə sistem bənzər silahların hamısında var. Türk Ordusu MPT-76 tüfənginin uzun lüləli versiyasını sifariş verib.

–   MPT-76 avtomatının seriyalı istehsalına başlanması ilə G-3 istehsalına son veriləcək, yoxsa?

–   Zaman zaman bəzi ölkələrin, xüsusilə də Afrika ölkələrinin G3 tələbi ola bilər. Bizim yanaşmamız ondan ibarətdir ki, G-3 istəyənlərə MPT-76 və ya MPT-55 tüfəngini təklif edəcəyik. Amma bu arada ordunun istifadəsindən çıxan G-3 tüfənglərini təmir və modernizə edərək bəzi ölkələrə ikinci əl silah kimi satmağı düşünürük.

Onu da qeyd edim ki, uzun müddətdir Türkiyə Silahlı Qüvvələri üçün G-3 istehsal etməsək də, bəzi xarici ölkələrin sifarişi əsasında istehsal və ixracını həyata keçiririk. Hətta ən son çatdırılma bu yaxınlarda oldu.

–   MKE tərəfindən KNT-76 adlı snayper tüfəngi və yeni pulemyotun yaradılması istiqamətində həyata keçirilən işlər hansı mərhələdədir?

–   MKE təərəfindən bildiyiniz qədər “Bora-12” adlı snayper tüfənginin istehsalı həyata keçirilir. “Bora-12” bu gün Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əsas snayper tüfəngidir. Tərəfimizdən silahın susduruculu versiyası da hazırlanıb. “Bora-12” bazara təqdim olunandan böyük rəğbət gördü və istifadəçiləri məmnundurlar. KNT-76 adlı snayper tüfənginin yaradılması layihəsində sona gəlmişik. 7.62×51 mm çaplı KNT-76 snayper tüfənginin effektiv atış məsafəsi 800 metrdir. KNT-76 dizayn olaraq MPT-76-nın bənzəri olsa da silahda fərqli qundaq tətbiq edilib. Yarımavtomat iş prinsipi silahın yaşayış məskənləri daxilində gedən döyüşlərdə istifadəsi baxımından uyğun görülüb.

Pulemyota gəlincə, fərqli kalibrlərdə pulemyot tələbləri var. İlk prototipi hazırlamışıq və testlərinə başlamağı düşünürük. Digər kalibrlərdə də pulemyot tələblərini nəzərə alaraq çalışmalara başladıq.

–   Azərbaycanın “Bora-12” snayper tüfəngi sifarişi tamamlandımı? Yeni sifarişlər necə, varmı?

–   “Bora-12” snayper tüfəngi Azərbaycan Ordusunda geniş və praktiki istifadə olunur və istifadəçilərdən məmnunluq fikirləri duymuşuq. Silahın sifariş verilən partiyalarının çatdırılması yekunlaşıb. Hazırda davam edən sifarişimiz yoxdur.

Biz Azərbaycanı özümüz kimi görür, öz ehtiyacımız nə isə Azərbaycana da o cür yanaşır və qısa müddətdə qarşılamağa çalışırıq. Bundan başqa, məndə olan məlumata görə, MPT-76 tüfəngi də Azərbaycanda testlərdən keçib.

–   MPT-76 tüfənginin Pakistan Ordusunun yeni avtomat silah seçimi üçün elan etdiyi proqram çərçivəsində testlərə təqdim olunduğu bilinir. Bu sahədə bir yenilik varmı?

–   Bəli Pakistan Silahlı Qüvvələrinin yeni piyada tüfənginin alınmasına yönəlik proqramı çərçivəsində MPT-76-nın bu ölkədə testləri keçirildi. Gələn fikirlər müsbətdir, bəyənilib. Sadəcə, Pakistan tərəfinin daraq qutusu və digər plastik hissələrdə dözümlü olarmı, olmazmı kimi bəzi şübhələri var.

–  Azərbaycanla başqa layihələriniz varmı?

–   Bizim hazırda üzərində dayandığımız layihələrdən biri də keçmişdə olan T-155 “Fırtına” özüyeriyən haubitsalarının alğı-satqısı ilə bağlı idi. Təəssüflər olsun ki, o zaman xarici firma Azərbaycana satılacaq “Fırtına”nın mühərrikinə ixracat icazəsi vermədi. Biz də bundan dolayı Azərbaycan üçün “Fırtına” istehsalını həyata keçirə bilmədik. Azərbaycanın şərtlərində bu silaha böyük ehtiyac olduğunu bilir və problemin həlli istiqamətində işləri davam etdiririk. Bu layihədə “Fırtına”da istifadə edəcəyimiz mühərrik və güc qrupunu digər ölkələrdən almağı, gələcəkdə isə özümüz istehsal etmək yolu ilə gündəmdə tuturuq. Alternativ variant kimi, mühərrik Rusiyadan da tədarük edilə bilər. Düşünürük ki, bu Azərbaycan tərəfindən də müsbət qarşılanacaq. Çünki bənzər mühərriklər Azərbaycan Ordusunun tanklarında və digər texnikalarda istifadə olunur. Bu məsələdə qərb ölkələrindən bir nəticə hasil olmazsa, çıxış yolu kimi şərqə üz tutmalı olacağıq.

Azərbaycanla ikitərəfli işbirliyini artırmaq üçün qarşıdakı illərdə gözəl perspektivlərin açılacağına ümid edirəm. TANAP boru kəmərinin işə düşməsi özlüyündə enerji sektoru ilə yanaşı müdafiə sənayesində də əməkdaşlığın genişlənməsinə imkanlar açacaq. Ola bilsin ki, Türkiyənin Azərbaycandan idxal edəcəyi enerji məhsulların bir hissəsinin dəyəri ehtiyac duyulan müdafiə sənayesi məhsulları ilə əvəzləşdirilsin.

Bu gün görürük ki Azərbaycan fərqli ölkələrdən böyük həcmdə silah və texnika tədarük edir. Biz buna qarşı deyilik. Ola bilsin ki, həmin ölkələr Azərbaycana bu silahları daha məqbul şərtlərlə təklif ediblər. Ola bilsin ki, biz Azərbaycana avantajlar təqdim edə bilməmişik. Bu avantajların nədən ibarət olduğuna baxdığımızda ilk növbədə ödəmə şərtləri ilə bağlı olduğunu görürük. Yəni, qarşı tərfdəki ölkənin hər hansı ödəmə tələb etmədən sınaqlar keçirməsi, 5 il sonra ödəməyə başlayın, belə bir planla ödəyin kimi geniş seçim təklif etməsinin önə çıxdığını dəyərləndiririk. Bu kontekstdə TANAP-la birlikdə artacaq ticarətimizin müdafiə sənayesi sektoruna da öz töhvəsini verəcəyini düşünür və ümid edirəm.

–  “Fırtına”dan söz düşmüşkən, “Fırtına-2” versiyası barədə soruşmaq istərdik. Yeni versiya köhnəsindən nə ilə fərqlənir?

–    Yeni versiyanın köhnəsindən fərqi üzərində NBC mühafizəsininin olması, İLS və qlobal naviqasiya sistemi, habelə maşının daxilindən idarə edilən ASELSAN istehsalı SARP döyüş modulu ilə təchiz edilməsidir. Onu deyə bilərəm ki, yenilənmələr haubitsanın döyüş qabiliyyətini daha da artırıb.

–   Əhməd bəy, havadan daşınan 105 mm çaplı “Boran” topu və maket olaraq IDEX-2017 sərgisində təqdim etdiyiniz T-155 “Panther” özüyeriyən haubitsa layihələriniz barədə barədə fikirləriniz bölüşə bilərsinizmi?

–   “Boran” havadan daşına bilən topumuz dünyada bu sinifdə mövcud olan azsaylı artilleriya vasitələrindəndir. 105 mm kalibrli “Boran” topu CH-47 “Chinook” və ya Mi-26 helikopterinin asmasında istənilən əraziyə nəql edilə biləcək. Top müasir atış hesablama cihazları ilə təchiz edilib. Testlər davam edir və gözəl nəticələr əldə edəcəyimizi düşünürük. “Boran” sürətli və dağ şəraitində əməliyyatlar üçün mühüm silahdır.

Hazırda müəssisələrimiz tərəfindən T-155 “Panther” yedəkdə daşınan topun özüyeriyən versiyası hazırlanır. “Panther” topları 6×6 təkər formuluna malik MAN markalı nəqliyyat vasitələrinin üzərinə qurulacaq. Topun sursat ehtiyatı da eyni maşın üzərinə yüklənəcək və maşında 18 mərmi olacaq. Saatda 80 km sürətlə hərəkət edə biləcək top kompleksinin gediş ehtiyatı isə 600 km təşkil edəcəkdir. Qeyd edim ki, T-155 “Panther” topunun atış uzaqlığı 155 mm-lik MKE MOD 274 sursatları ilə 40 km təşkil edir. Özüyeriyən “Panther” meydana çıxan tələblər nəzərə alınmaqla yaradılır. Bununla da topun daşınması prosesi sürətlənəcək və əlavə imkanlar qazandırılmış olacaqdır. İlk prototipin testlərinin il sonuna qədər başlanması planlaşdırılır.

–   Son aylarda Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı hava əməliyyatlarında MKE istehsalı olan Nüfuz Edici Bombalardan (NEB) istifadə etməsinin şahidi oluruq. NEB-in mövcud modelinin daha da təkmilləşdirilməsi və ixracı ilə bağlı yeniliklər varmı?

–   NEB dünyadakı yenilikləri özündə cəmləşdirən önəmli aviasiya bombalarımızdan biridir. Xüsusilə də möhkəmləndirilmiş uzun müddətli atəş nəqtələrinin, dəmir-beton konstruksiyalı sığınacaqların, körpülərin və bu kimi digər obyektlərin vurulması üçün nəzərdə tutulur. Biz bu bombanın yaradılmasını TÜBİTAK SAGE ilə birlikdə həyata keçirmişik. Hazırda müəssisəmizdə aviabombanın seriyalı istehsalı davam edir. Eyni zamanda SAGE ilə bombanın yeni versiyalarının hazırlanması istiqamətində görüşürük. Söhbət fərqli partlayıcı növlərinə və təsir imkanlarına sahib bombaların hazırlanmasından gedir. Hətta NEB-in kiçik versiyası da ola bilər. Çünki hər zaman o qədər böyük aviasiya bombasına ehtiyac olmur.

Yeri gəlmişkən, onu da qeyd edim ki, xaricdə də NEB-in istehsalı mövzusu gündəmimizdədir. Bir ölkəyə ixracat üçün çalışmalarımız var və Xarici İşlər Nazirliyindən gərəkli icazələri almışıq.

–    Tarixi 650 ildən çox olan MKE top və müxtəlif artilleriya sursatlarının istehsalını həyata keçirir. Yeni dövrün tələblərindən biri də idarə olunan artilleriya susrsatlarıdır. Bu istiqamətdə MKE-nin hansısa bir planı varmı?

–   Hal-hazırda bizim istehsal etdiyimiz sursatlar idarə olunmayandır. Son illərdə dünyada idarə olunan mərmilərin yaradılması istiqamətində ciddi çalışmalar var. Biz də bir sursat istehsalçısı olaraq bu inkişafdan kənarda qala bilmərik. Qeyd olunan istiqamətdə bizim də planlarımız mövcuddur. Təbii ki bununla əlaqədar müdafiə elektronikası sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edəcəyik. Xaricdən asılı olmamaq üçün yerli firmalarla görüşürük və bəzi razılaşmalarımız olub. Düşünürəm ki, idarə olunan sursatı bu ilin sonuna yetişdirmək çətindir. Lakin gələn il bu sursatların ilk prototipləri sınaq üçün hazır olacaq.

–   Mərmilərin hədəfə yönləndirilməsinə yanaşmanız nədən ibarətdir? Yönləndirmə elementləri rusların “Krasnopol” və Amerikanın “Excalibur” mərmilərində olduğu kimi sursatın gövdəsində yerləşəcək, yoxsa əlavə yönləndirmə dəstinin qurulması hesabına həyata keçiriləcək? Yeri gəlmişkən, maraqlıdır, yönləndirmədə lazer, yoxsa peyk naviqasiyasına önəm verəcəksiniz?

–   Bəzi sursatlar var ki onlara proqramlana bilən dəst geyindirilir. Bəzi sursatlar var ki lülədən çıxarkən, bəziləri də var ki öncədən proqramlanır. Bunlar sursatın tipinə bağlı olaraq dəyişəcək. Sursatların dəqiqliyini artırmaq və idarə etmək üçün lazerlə yönləndirmə, infraqırmızı başlıq və qlobal naviqasiya sistemindən istifadə edilməsi planlaşdırılır. Öz növbəsində bu, məsafəyə bağlıdır. Qısa, görünən məsafədə lazer, orta uzaqlıqda infraqırmızı özütuşlanan, uzaq məsafədəki hədəflərin vurulması üçünsə GNSS və İNS yönləndirmə seçimi ola bilər. Biz bu gün özümüzü məhdudlaşdırmırıq. Hansı məsafədə ən yaxşı nəticəni verəcək olan sistem nə isə onu istifadə edəcəyik. Bu sahədə ilk nəticələrimizi qarşıdakı il ortaya çıxarmağı düşünürük.

–   Sonda söyləmək istədiyiniz əlavə fikirləriniz varmı?

–  Arzumuz dünyada sülhün olmasıdır. Sülhün olması isə hərbi gücümüzə, ordumuzun hazırlıqlı olmasına bağlıdır. Bu da maləsəf silahlanma yolu ilə mümkündür. Qarşımızdakı dövlətlər silahlanırkən bizim də ən müasir silahları əldə etməyimiz, ən müasir silah sistemlərinə sahib olmamız lazımdır.