27/02/2019 13:10

MKE şirkəti MPT avtomatının qeyri-NATO kalibrli versiyalarını hazırlayacaq – ÖZƏL

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) Milli Piyada Tüfənginin (MPT) qeyri-NATO kalibrli patronlara uyğunlaşdırılmış versiyalarını hazırlamağı planlaşdırır.

Bu barədə “AzeriDefence”yə İDEX-2019 sərgisində iştirak edən MKE Təşkilatından məlumat verilib.

MKE yetkililərinin sözlərinə görə, silahın sovet kalibrli patronları (7.62×39 mm və 5.45×39 mm) istifadə edən versiyalarının hazırlanması  barədə düşünülür. Bu ideyanın reallaşması adıçəkilən avtomatların sovet kalibrli sursat istifadə edən dövlətlərə ixracına imkan verəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, sınaqların keçirilməsi üçün həm MPT-76, həm də MPT-55 avtomatlarından bəlli sayda Azərbaycana da göndərilib.

“Pakistan da MPT-76 və MPT-55 piyada və snayper tüfəngləri almağı planlaşdırır. Bununla bağlı noyabr ayında Karaşi şəhərində keçirilən İDEAS-2018 sərgisində görüşmələr oldu”, – deyən şirkət nümayəndələrinin sözlərinə görə, bir müddət əvvəl JNG-90, KNT-76 snayper tüfəngləri, MPT-76 və MPT-55 avtomatları sınaqdan keçirilməsi üçün Pakistana göndərilib.

Mütəxəssislərin sözlərinə görə, bu gün region dövlətlərinin ordu və təhlükəsizlik qüvvələrindən daha çox 5.56×45 mm MPT-55 tüfənginə maraq ifadə olunur. MKE-nin 5.56×45 mm çaplı MPT-55 tüfənginin uzun lüləli (MPT-55) və qısa lüləli (MPT-55K) növü mövcuddur. MTP-55K tüfəngin lüləsinin uzunluğu 279,4 mm, ümumi çəkisi isə 3 kq təşkil edir. MTP-55-in isə lüləsinin uzunluğu 368,5 mm, çəkisi 3,3 kq-dır. Dəqiqədə 850-yə qədər atəş aça bilən MTP-55 tüfəngi həm avtomatik, həm də tək atış rejiminə malikdir. Tüfəng 30 patron tutumlu şəffaf daraqla dəstləşdirilir. Bundan başqa, silahın üzərində optik nişangahlar və digər aksesuarlar quraşdıra bilmək üçün pikatini tamasaları mövcuddur. Tüfəngin darağının çıxarılması üçün hər iki tərəfdə (sağ və solda) düymə yerləşdirilib. Bu da tüfəngin istifadəsini daha da asanlaşdırır. MPT-55 silahında dünyada geniş yayılmış M-16 piyada tüfənginin darağı da istifadə oluna bilər.

Qeyd edək ki, İDEX-2019 sərgisində MPT-55 avtomatı və KNT-76 snayper tüfəngi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova da təqdim olunub.