07/03/2012 08:22

MKEK ötən il Azərbaycana 729 445 ABŞ dolları dəyərində ixracat həyata keçirib

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) 2011-ci ildə 850 mln. TL dəyərində məhsul satışını həyata keçirib ki, bunun 98 mln. 478 min TL-si xaricə ixracat olub. Bu barədə “AzeriDefence” MKEK-ə istinadən məlumat verib

Təşkilatın açıqladığı məlumata görə, ötən il MKEK-in mənfəəti 180% artaraq 165 milyon TL olub.

Ötən il MKEK-in ixracı 2010-cu illə müqayisədə iki dəfə artıb. 28 ölkənin yer aldığı ixracatın ilk dördlüyündə Körfəz ölkələri qərarlaşıb. Belə ki, 2011-ci ildə MKEK Səudiyyə Ərəbistanına 44 577 382 TL, Bəhreynə 17 166 325 TL, Omana 7 077 690 TL, BƏƏ-yə isə 5 555 765 TL ixrac həyata keçirib.

Hesabat dövründə MKEK Səudiyyə Ərəbistanına raket, döyüş sursatı, Oman və Bəhreynə güllə ixrac edib. Azərbaycan MKEK-in ixracatında 1 292 353 TL payla onuncu yerdə dayanıb.

Postsovet ölkələri arasında MKEK Azərbaycanla yanaşı Qazaxıstana (1 191 925 TL), Türkmənistana (822 780 TL) və Belarusa (6 289 TL) ixracat gerçəkləşdirib.