30/05/2012 08:50

MKEK özüyeriyən haubitsaları Azərbaycana göndərməyə hazırlaşır – EKSKLÜZİV

“Fırtına” başlayır

Azərbaycanın Türkiyədən satın aldığı T-155 “Fırtına” özüyeriyən artilleriya sistemlərinin ilk partiyasının yaxın vaxtlarda Bakıya çatdırılması planlaşdırılır. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq artilleriya sisteminin istehsalçısı olan Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Artıq “Fırtına”nın mühərrik problemi həll olunub. Azərbaycana göndəriləcək döyüş maşınları hazırdır.

Artilleriya sistemlərinin Azərbaycana yaxın bir-iki ay ərzində çatdırılmasına başlanacaq.

Qeyd edək ki, “Fırtına”nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Azərbaycana Dağlıq Qarabağ münaqişəsinə görə mühərrik verməkdən imtina etmiş, Azərbaycan tərəfi isə başqa bir nüfuzlu şirkətin istehsalı olan mühərrikin döyüş maşınına qurulmasını tövsiyyə etmişdi.

5 heyətə malik “Fırtına”nın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Sistemin silahlanmasına 155 mm-lik L-52 topu və 12.7 mm çaplı pulemyot daxildir. Artilleriya sistemi 40 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir.