16/05/2015 16:56

Məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında olublar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində keçirdiyi növbəti görüş may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında baş tutub.

“AzeriDefence”nin məlumatına görə, görüşdə Bakının Xətai, Nəsimi, Nərimanov və Sabunçu rayonlarından təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Araz Məmmədov akademiyanın yaranması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik-leytenant Azər Babayev Xidmətin hərbi vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.

Daha sonra Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Akademiyada yaradılmış şərait və təlim-tədris prosesi ilə yaxından tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət ediblər.