21/04/2015 18:36

MN: Döyüş texnikasını və şəxsi heyətin yerdəyişməsi əvvəlcədən təsdiq edilmiş plana uyğun şəkildə həyata keçirilir

Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı yayılan video görüntülərə münasibət bildirib.

“AzeriDefence”nin xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.

Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə Müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.