31/05/2016 16:09

Mohammad Xanif Atmar Azərbaycanın fövqəladə hallar və daxili işlər nazirləri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzəriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı K. Heydərov qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Sonra, K. Heydərov Əfqanıstanın uyğun qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib və əlaqələrin geniş perspektivləri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mohammad Xanif Atmar qeyd edib ki, Əfqanıstan bütün sahələrdə olduğu kimi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə də iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Görüşdə həmçinin, əfqanıstanlı gənclərin Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov da Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzəriDefence”yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə R. Usubov ortaq tarixi dəyərləri və ənənələri bölüşən hər iki xalqın arasındakı münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb və bu səfərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib.

Sonra, R. Usubov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki, milli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib və əməliyyat şəraiti tam nəzarətə götürülüb. Nəticədə xarici sərmayənin Azərbaycana axını üçün münbit şərait yaradılıb.

İki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulmasının vacibliyini vurğulayan nazir, bu məqsədlə “Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb və rəhbərlik etdiyi qurumun ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhvəsini verir.
Sonra, daxili işlər naziri problemlərə toxunaraq transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Daha sonra, çıxış edən Mohammad Xanif Atmar prezident İlham Əliyevin islam ölkələri birliyindəki rolunu xüsusi qeyd edib.

Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü təsdiq edib. Eyni zamanda, adıçəkilən Saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Qeyd edək ki, görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili iştirak edib.