16/05/2012 07:40

Moskvada “HeliRussia-2012” helikopter sərgisi başlayır

Mayın 17-dən 19-dək Moskvada keçiriləcək beşinci “HeliRussia-2012” beynəlxalq helikopter sənayesi sərgisinə hazırlıq işləri başa çatıb. Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.Sərgidə helikopter sənayesi məhsul və xidmətlərin bütün spektri təqdim edilir.

Beynəlxalq sərgidə dünyanın 18 ölkəsindən 200-dən çox şirkət iştirak edəcək. İştirakçı şirkətlər Rusiya, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, İsveç, İtaliya, İspaniya, Hindistan, Finlandiya, Polşa, Kolumbiya, Çexiya və Litvanı təmsil edir. Sərgidə iştirak edən şirkətlərdən 150-si Rusiyaya, 51-i isə digər ölkələrə məxsusdur. Sərgidə 10 Rusiya şirkəti və 1 xarici firma hərbi təyinatlı məhsulu nümayiş etdirəcəklər. Xarici şirkətlər arasında Eurocopter, Sikorsky Aircraft, AgustaWestland, Bell Helicopter, Enstrom Helicopter, Motor-Siç, Turbomeca, Pall Corporation, Red Box International, Breeze-Eastern, SkyTrac Systems Ltd., HUTCHINSON AEROSPACE, Simplex Manufacturing, CAE, BAE Systems, DAC Intl və başqaları yer alır.

“HeliRussia 2012” ekspozisiyası 10 750 kv metr sahədə yerləşəcək.

Sərgidə 20 helikopterin – Ka-62, Mi-28NE, Mi – 8AMT, Ansat, EC135, As 350, AW139, Bell 407, Enstrom 480, R66, R44, R22, Rumas 10, Rumas 30 və s. nümayişi planlaşdırılır.

Sərgidə Rusiya Helikopterləri şirkəti ilk dəfə olaraq Kamov müəssisəsi tərəfindən hazırlanmış çoxməqsədlini nəqliyyat helikopterini, rus-çex birgə müəssisəsi olan “RUMAS Group” şirkəti isə çoxmərtəbəli obyektlərdə yanğınların söndürülməsi üçün hazırladığı yüngül çəkili Rumas-10 və onun koaksial sxemə malik yeni versiyasını təqdim edəcək.