28/11/2016 19:34

MPA şirkəti yeni ultra-kompakt snayper tüfəngini təqdim edib

“MasterPiece Arms” (MPA) şirkəti yeni lülə ağzı əyləc kompensator qurğusu ilə dəstləşdirilmiş MPA BA CSR ultra-kompakt snayper tüfəngini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə şirkət yaydığı açıqlamada yeni silahını bazara çıxardığını elan edib.

.308 “Winchester” və 6.5 “Creedmoor” patronlardan istifadə edən tüfəng ½ MOA dəqiqliyə malikdir. Silah “Kelbly” şirkətinin “Atlas Tactical” zərbə-tətik mexanizmi və AİCS şirkətinin 5 patron tutumlu daraqları ilə komplektləşdirilir.

Snayper tüfəngi tənzimlənən və qatlanan qundağa, çıxarıla bilən kompensator və alov boğucuya sahibdir. Tüfəngin ümumi çəkisi təxminən 4500 qramdır. Silah .308 “Winchester” patronlarla atəş üçün 40.64 sm, 6.5 “Creedmoor” patronlarla atəş üçün 50.8 sm uzunluğunda lülələrlə dəstləşdirilir.

Yaxın həftələrdə (2017-ci ilin fevral ayınadək) satışa çıxarılacaq silahın satış qiymətinin 2999 dollar olacağı bildirilir.