28/12/2018 17:40

MSN 125 mm-lik tank mərmisinin poliqon sınaqlarını keçirib – FOTO

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

MSN-nin mütəxəssislərinin, Müdafiə Nazirliyinin döyüş texnikası və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin istismarında olan müasir T-90S tipli tankdan atışlar keçirildi və müsbət nəticə əldə edilib.

Yüksək dağıdıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90S tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edilib.