18/12/2014 06:30

MSN “ağıllı” aviabombaların seriyalı istehsalına başlayır

Müdafiə sənayesində yenilikAzərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2015-ci ildə “ağıllı” aviasiya bombalarının seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Hazırda həmin bombalar test mərhələsindədir.

Qeyd edək ki, GPS-lə idarə olunan qanadlı aviasiya bombaları “at-unut” prinsipi ilə işləyir.

Adı çəkilən bombaların nümunələrini sentyabr ayında keçirilən ADEX-2014 sərgisində nümayiş etdirilib.

Nazirliyin müəssisələrindən birində hazırlanmış QFAB-100SAB tipli idarə olunan qanadlı aviasiya bombası GPS və QLONNAS naviqasiya idarəetməsinə malikdir. 200-10000 metr hündürlükdən atıla bilən bu bombanın uçuş məsafəsi aşağı hündürlükdən atıldıqda 20, yuxarı hündürlükdən atıldıqda 40, mühərriklə atıldıqda isə 65 km təşkil edir. Partlayış zamanı bu bomba 5 mindən artıq qəlpə yaymaqla ətraf ərazidə güclü dağıntı yaratmağa qadirdir.