03/09/2018 12:04

MSN aviasiya bombaları üçün yönləndirmə dəstlərini nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sərbəst düşən aviasiya bombalarını idarə olunan aviasiya bombalarına çevrən bomba yönləndirmə dəstləri hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, yeni məmulat sentyabr ayının 25-dən 27-dək ADEX-2018 sərgisində nümayiş etdiriləcək.

Qanadlı bomba yönləndirmə dəstlərinin ilki əvvəlki ADEX sərgilərində nümayiş etdirilib. Qanadlı yönləndirmə dəsti  uzaq məsafəyə uçmaqla yanaşı avtopilot rejimdə fəaliyyət göstərir və atılma  istiqamətini saxlayır.

MSN ETİ tərəfindən yaradılmış yeni qanadlı süzmə və yönləndirmə dəsti intellektuallaşdırılmış və modul tiplidir. İstənilən aviasiya bombasına inteqrasiya oluna bilər. ADEX-2018 sərgisində əvvəlki sərgidə nümayiş etdirilmiş qanadlı yönləndirmə dəsti ilə yanaşı 50 kq-lıq bombalar üçün yeni təkmilləşdirilmiş süzmə və  yönləndirmə dəsti də təqdim olunacaq. Bu dəst quraşdırılmış bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq əvvəlcədən koordinatları onun yaddaşına daxil edilmiş hədəfə yönəlir. Yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub ki bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir.