29/04/2015 16:30

MSN-də ilk üç ayın nəticələri müzakirə olunub

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2015-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

MSN-in mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilin.

Bildirilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilmişdir. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Hesabat dövründə istehsal olunan məmulatların 78 faizini müdafiə və xüsusi təyinatlı, 22 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir.
Birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar sonuncu qatıldığı cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən İDEX-2015 beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub.
Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirib. Sərgi zamanı 2016-cı ildə Azərbaycanda keçiriləcək ADEX-2016 ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.

Kollegiya iclaslarında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hasabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə olunub.

Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.