03/04/2019 17:52

MSN-də Çinin “CETC İnternational” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Aprelin 3-də Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC International” şirkətinin baş direktoru Long Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir müavini Yəhya Musayev Azərbaycan ilə Çin arasındakı mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “CETC International” şirkəti arasında müxtəlif sahələr üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Elçin Cəfərov da iştirak edib.

Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşhurlaşan və dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC International” şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanda keçirilən ADEX beynəlxalq müdafiə sərgilərində stendlə təmsil olunaraq öz məhsullarını nümayiş etdirib.