09/11/2019 14:53

MSN-də Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Müdafiə Sənayesi Nazirliyinin inzibatı binasında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Müdafiə Sənayesi naziri Mədət Quliyev üçrəngli bayrağın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib.

Müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağının bütün ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyi qürur hissi ilə xatırlanıb.

Azərbaycanın müstəqilliyinin rəmzi olan dövlət bayrağının hər zaman yüksəklərdə dalğalanması üçün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının daima əllərindən gələni əsirgəməyəcəklərinə, fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əminlik ifadə olunub.