30/12/2012 08:05

MSN “E-Gov” portalına daha bir elektron xidmətini əlavə edib

Azərbaycanın “E-Gov” elektron xidmətlər portalına Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə Xüsusi icazə verilməsi üçün müraciət forması daxil edilib. “AzeriDefence”nin məlumatına görə, bu MSN-dən icazənin elektron formada, daha asan yolla alınmasına imkan verir.

“E-Gov” xidməti vasitəsi ilə MSN tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların, hərbi silah, sursat və döyüş təyinatlı hərbi texnika istehsalı üçün avadanlıqların dövriyyəsinin həyata keçirilməsinə Xüsusi icazənin verilməsi üçün e-müraciət formasını göndərmək mümkündür.

Qeyd edək ki, MSN “E-Gov” portalı vasitəsi ilə həmçinin ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulunu da təklif edir.