04/06/2019 16:58

MSN ilə “Leonardo” şirkəti birgə layihələrin icrasına dair danışıqlar aparıb

İyunun 4-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yəhya Musayev Azərbaycan ilə  İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını ifadə edib. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışıb.

Yəhya Musayev “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən ADEX-2018 sərgisində iştirakından məmnun olduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılıb. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Nümayəndə heyətinin rəhbəri Lorenzo Mariani qeyd edib ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya – Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir.

Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.