14/06/2019 13:25

MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində ATU-nin professor-müəllim heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyi (MSN) “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində Azərbaycan Texniki Universitetinin (ATU) rektor əvəzi, professor Xalıq Yahudov və universitetin professor-müəllim heyəti ilə nazirliyin müəssisələrində çalışan Xüsusi texnika və texnologiya fakultəsinin məzunlarının görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə MSN mətbuat xidmətindən məlumat verilib.

“Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov qonaqları salamlayaraq onlara müəssisə ilə bağlı məlumat verib və məzunların çalışdıqları sex və sahələrlə tanış edib.

Görüşdə bildirilib ki, respublikanın müdafiə sənayesi kompleksinin yüksək ixtisaslı kadrlara olan təlabatının ödənilməsi məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakultəsi və müvafiq kafedralar yaradılıb. MSN -in təşəbbüsü ilə yaradılan fakultədən hazırki dövrə qədər 275 tələbə məzun olub. Məzunlardan böyük əksəriyyəti MSN-in müəssisələrində işlə təmin olunub və onların hər birinə nazirlik tərəfindən böyük diqqət ayrılıb.

İlqar Nəzərov fakultənin məzunlarından 58 nəfərin “İqlim” Elmi İstehsalat Müəssisəsində işə götürüldüyünü bildirib. Məzunların hazırlıq səviyyəsindən və özlərini bir kadr kimi doğrultmaları üçün göstərdikləri əzmdən razı qaldıqlarını ifadə edən İ. Nəzərov qeyd edib ki, bu işçilərin böyük əksəriyyəti az müddətdə özlərini doğruldaraq tutduqları vəzifələrdə irəliləyiblər.

Professor Xalıq Yahudov universitetin məzunlarına göstərilən qayğı və diqqətə görə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevə və müəssisənin rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə Xüsusi texnika və texnologiya fakültəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasının və Azərbaycan Respublikasının Milli Qəhramanı Çinqiz Qurbanov adına ixtiraçılar klubunun nazirliyin “İqlim” Elmi İstehsalat Müəssisəsinin texniki problemlərinin həllində yaxından iştirakı tövsiyyə olunub.