18/12/2013 09:38

MSN işçilərinin peşə bayramı qeyd olunub – FOTO

Müdafiə sənayesi işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. “AzeriDefence”nin məlumatına görə, əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Nazirlik tərəfindən Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanındakı Əbədi Məşəl kompleksi önünə əklil qoyulub.

Daha sonra “Radioquraşdırma” zavodunda keçirilən tədbirdə çıxış edən nazir Yavər Camalov bildirib ki, 2007-2013-cü illərdə MSN-də 47-dən artıq yeni istehsal sahəsi yaradılıb. 2013-cü ilin yekunlarına görə, istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi dəfələrlə artıb. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2010-cu illə müqayisədə 3 dəfədən çox olub. Nazirliyin müəssisələrində 750-dən artıq müdafiə təyinatlı məhsul istehsal olunub. 70 mövzu üzrə elmi-tədqiqat və konstruktor işləri yerinə yetirilib.

Nazir beynəlxalq səviyyədə əməkdaşlığın genişləndiyini də vurğulayıb. Kadrların hazırlanması sahəsində mühüm işlərin aparıldığını deyən Y. Camalov Azərbaycan Dövlət Texniki Universitetində açılmış fakültəyə cari ildə 100 tələbənin qəbul olunduğunu deyib. Daha sonra nazir 2014-cü ildə qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə MSN “Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov, “Üfüq” İstehsalat Birliyinin direktoru Ramiz Məmmədov, “Neftqazavtomat” Elmi İstehsalat Müəssisəsinin direktoru Əli Əmirov və başqaları çıxış edərək rəhbərlik etdikləri ttəşkilatlarda görülən işlərdən danışıblar.

Sonda prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş MSN əməkdaşlarına medallar və fəxri adlar təqdim olunub. Nazir Y.Camalovun əmri ilə işdə fərqlənən bir qrup MSN əməkdaşı döş nişanı, fəxri fərman və pul mükafatları ilə təltif edilib.

Tədbirin sonunda MSN kollektivi adından Azərbaycan prezidentinə müraciət qəbul edilib.