24/04/2019 11:14

MSN İstanbulda İDEF-2019 sərgisinə qatılır

Aprelin 30-dan mayın 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2019 XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

IDEF-2019 beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı Azərbaycanın qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən İDEF sərgisində mütəmadi olaraq iştirak edir.