17/05/2017 14:36

MSN müəssisələri RPQ-7 qumbaraatanlarının istehsalını genişləndirir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyi 40 mm-lik RPQ-7V2 (TƏQ-7V2) tipli tank əleyhinə əl qumbaraatanının seriyalı istehsalına başlayıb.

“AzeriDefence” xəbər verir ki, yeni silah barədə məlumat Türkiyədə keçirilən IDEF-2017 sərgisində MSN-in təqdim etdiyi kataloqda yer alıb.

Məlumatda bildirilir ki, 40 mm-lik RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika, habelə canlı qüvvə ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Tank əleyhinə əl qumbaraatanının uzunluğu 953,5 mm, çəkisi (ikiayaq, QON-1 optik nişangahı, NQ-7V nişangah qurğusu, çiyin qayışı və örtükləri ilə qayış olmadan) 6,160 kq-dır. Nişanalama məsafəsi PQ-7B, PQ-7BM, PQ-7BC, PQ-7BC1 tipli atış yığmaları üçün 500 m, PQ-7BPL tipli atış yığımı üçün 300 m, PQ-7BP, TBQ-7B tipli atış yığımları üçün 200m, NQ-7V nişangah qurğusundan istifadə etməklə TBQ-7B tipli atəş yığımı üçün 700 metrdir.

Əl qumbaraatanının atış tezliyi 4-6 dəqiqədir.

Qeyd edək ki, indiyədək RPQ-7 qumbaraatanları Azərbaycan MSN –nin “Cihaz” İstehsalat Birliyi tərəfindən istehsal edilib. Bu qumbaraatanlar Azərbaycan Ordusu ilə yanaşı Türkiyə və digər ölkələrə ixrac olunub. Azərbaycan istehsalı olan RPQ-7 qumbaraatanları özünün texniki parametrlərinə görə Türkiyə xüsusi təyinatlılarının keçirdiyi testlərdə Rusiya, Bolqarıstan, Çin  və digər ölkələrin analoji silahlarını üstələyib.