19/06/2019 13:24

MSN nümayəndəsi “Paris Air Show-2019” sərgisində iştirak edir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi “Paris Air Show-2019” sərgisində iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi iyunun 17-dən işinə başlayıb. Hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Müdafiə Sənayesi Nazirliyini müşavir Fərrux Vəzirov təmsil edir.

Sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Səfər çərçivəsində İtaliyanın “Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə edilib.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

“Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.