23/06/2017 12:45

MSN revolver tipli qumbaraatanlar üçün sursatların istehsalına başladı

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərində 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40×46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ – qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.

Dövlət başçısı zavodu işə salıb.

Bildirilib ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq – proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.

Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.

Qeyd olunub ki, bu cür müəssisələrin yaradılması Azərbaycanda müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkədə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarını da genişləndirir, xaricdən asılılığı aradan qaldırır.

Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb.

Dövlət başçısı görüşdə nitq söyləyib.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış etdilər.

Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan prezidentinin sərəncamları oxunub.

Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.