14/01/2019 20:12

MSN və ASELSAN birlikdə rabitə vasitələri istehsal edəcək

Yanvarın 14-də Türkiyədə səfərdə olan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan ASELSAN-ı ziyarət edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nümayəndə heyətinin ASELSAN şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə ASELSAN şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda, uzun müddətdi müzakirəsi aparılan  müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib.

Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.