24/12/2014 08:03

MSN yeni reaktiv atəş sisteminin sınaqlarını yekunlaşdırıb

FOTOMüdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış 107 mm çaplı reaktiv yaylım atəş sisteminin sınaqları başa çatdırılıb.

Bu barədə “AzeriDefence”yə MAKA-dan məlumat verilib.

“Ford XLT” pikap avtomobilinin şassisi üzərində qurulan yeni sistem sınaqlarda yüksək nəticələr göstərib. Artıq sistem seriyalı istehsala hazırdır.

Sistemin idarəetməsi və bütün hesablamaları yerli mütəxəssislər tərəfindən hazırlanmış proqram təminatı hesabına yerinə yetirilir. Yüksək keçicilik qabiliyyətinə malik maşının kabinəsi zirehləndirilib və bu da heyəti qəlpə partlayışlarından və güllələrdən mühafizəsini təmin edir. Maşının üzərində hərəsi 12 ədəd 107 mm reaktiv mərmi yerləşən iki paket buraxılış konteyneri mövcuddur.

Qeyd edək ki, sözügedən reaktiv yaylım atəş sistemi ilk dəfə sentyabr ayında Bakıda keçirilmiş ADEX-2014 sərgisində ictimaiyyətə nümayiş etdirilib.