06/02/2018 23:41

MSN-dən “Radioquraşdırma” zavodunda baş vermiş yanğınla bağlı rəsmi açıqlama

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Kütləvi informasiya vasitələri hadisə ilə bağlı məlumat verərkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamaları xahiş olunur.