12/09/2018 17:11

Müasirləşdirilmiş Mi-28NM “Gecə ovçusu”nun dövlət sınaqları başlayıb

“Rusiya Vertolyotları” şirkətinin Rusiya Müdafiə Nazirliyi üçün modernləşdirdiyi Mi-28NM “Night Hunter” (Gecə ovçusu) döyüş helikopterinin dövlət sınaqları keçirilir.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin 9 ədəd helikopteri Mi-28NM səviyəsinə çatdırılıb.

2018-ci ilin noyabrına qədər müasirləşdirilmiş Mi-28NM “Gecə ovçusu” helikopterlərinin ilk partiyasının silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Mi-28NM-nin hazırlanmasında Mi-28UB təlim-döyüş helikopterinin təcrübəsindən istifadə olunub. Yeni “Gecə ovçusu”nun qabaq kabinəsində idarəetmə sisteminin ikinci dəsti yerləşdirilib. Helikopter həmçinin pilotaj-naviqasiya kompleksinin yenisi ilə təchiz edilib.

Yeni Mİ-28NM döyüş helikopteri 360 dərəcə əhatə radarı, yeni nəzarət sistemi və ağıllı silahlarla təchiz edilib. Bundan başqa, ekipajın kabinəsi zirehdeşən güllələrdən və 20 mm-ə qədər olan mərmilərdən qorunur.