26/10/2017 17:35

Müasirləşdirilmiş “Polonez” 300 kilometr uzaqlıqda hədəfləri məhv edib

Belarus yeni modernizə edilmiş “Polonez”  uzaq mənzilli reaktiv yaylım atəş sistemini sınaqdan keçirib.

“AzeriDefence” xəbər verir ki, bu haqda Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 26-da Belarusun Qomel vilayəti ərazisində daha güclü raketlərlə təchiz olunmuş “Polonez” reaktiv yaylım atəş sisteminin döyüş qabiliyyəti yoxlanılıb. Sınaqlar zamanı “Polonez” 300 kilometr uzaqlıqda yerləşən hədəfləri vuraraq yüksək nəticə göstərib.

Müdafiə Nazirliyi bildirib ki, raketin təyin edilmiş hədəfləri, müəyyən edilmiş məsafədə vurması, onun böyük imkanlara malik olan taktiki-texniki xarakteristikasını bir daha təsdiq edib.

“Polonez” uzaq mənzilli reaktiv yaylım atəş sistemi belarus müəssisəsi tərəfindən ən müasir tələblərə uyğun şəkildə hazırlanıb. “Polonez” sisteminin bir maşını üzərində döyüşə hazır 8 raket var. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Bu cür dəqiq göstəricilərə malik olması onun döyüş qabiliyyətini daha da artırır.

Müdafiə Nazirliyi həmiçinin onu da qeyd edib ki, modernizə edilmiş “Polonez” sisteminin Belarus Silahlı Qüvvələrinin raket-artilleriya qoşunlarının döyüş növbətçiliyinə verilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Belarus Ordusunun silahlanmasında olan “Polonez” raket kompleksinin atış uzaqlığı 200 km-dir.