05/02/2014 09:25

Müdafiə naziri Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən S. Qurulyov Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıb.

Sonra Azərbaycan-Belarus hərbi və hərbi-texniki təhsil sahəsində mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.