24/01/2014 07:05

Müdafiə naziri HHQ-nin bazasında olub – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hərbi bazada müdafiə naziri hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.

Uçuş və mühəndis-texniki heyətlə görüşən nazir şəxsi heyətin peşəkarlığının daim artırılması, onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsi ilə əlaqədar tələbləri diqqətə çatdırıb.

Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, hazırda həyata keçirilən və planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.