26/10/2014 14:37

Müdafiə naziri mühəndis-istehkam hərbi hissəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qısa müddət ərzində hərbi hissənin ərazisində həyata keçirilən işlərlə tanış olub, şəxsi heyətin rahat, isti şəraitdə yerləşməsi və qidalanması üçün əsgər kazarmalarını və yeməkxanada yaradılmış vəziyyəti yoxlayıb.

Sonra hərbi hissənin mühəndis-istehkam parkında döyüş texnikasının hazırlığına baxış keçirilib. Bildirilib ki, müharibə şəraitində hücum edən qoşunların maneəsiz, düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsi mühəndis-istehkam hərbi hissələrinin qarşısında duran əsas döyüş tapşırıqlarından biridir.

Bu məqsədlə Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdikləri xüsusiyyətlər, onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün yeni və müasir mühəndis-istehkam texnikası alınaraq qoşunların təminatına verilib.

Sonda müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.