16/05/2015 20:39

Müdafiə naziri: “Silahlı Qüvvələrimizin bölmələri qoşunların təmas xəttində tam üstünlüyə nail olub”

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı”na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb elminin inkişaf perspektivləri” mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda ölkənin 40-dan artıq nazirlik, komitə, ali təhsil müəssisəsi, idarə və elmi mərkəzlərdən 350 nəfərədək nümayəndə iştirak edib.

Təbrik sözü ilə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və Hərbi doktrina Silahlı Qüvvələrin inkişafının istiqamətlərini müəyyən edən əsas sənədlərdir. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar bütün sahələrdə uğurla həyata keçirilir. Görülən bu işlər öz bəhrəsini verir. Silahlı Qüvvələrin bölmələri qoşunların təmas xəttində tam üstünlüyə nail olub.

“Hazırda ordunun təminatında ən müasir, keyfiyyətli döyüş silahı və texnikası var. Eyni zamanda bu texnikanı, silah sistemlərini idarə etməyi bacaran yüksək elmi, nəzəri və praktiki bacarıqlara malik olan şəxsi heyətin yetişdirilməsi Silahlı Qüvvələrin rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Məhz bu səbəbdən Müdafiə Nazirliyinə tabe olan xüsusi təyinatlı təhsil müəssisələrinin ölkənin qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığının daim inkişaf etdirilməsi həyata keçirilir və bu iş qısa zaman ərzində öz nəticəsini göstərəcək”,- deyə nazir vurğulayıb.

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev “Hərb elmi və hərbi təhsil: inkişaf və perspektivlər”, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov “Hərb elminin inkişafında informasiya texnologiyalarının rolu”, Prezident yanında İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov “Ümummilli lider Heydər Əliyevin hərb elminin inkişafındakı rolu” mövzularında, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev geniş məruzələrlə çıxış ediblər.

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adının verilməsi barədə attestat təqdim olunub.

Konfransın plenar hissəsi başa çatdıqdan sonra iştirakçılar hərbi-nəzəri, hərbi-texniki, milli təhlükəsizlik, hərbi-humanitar və hərbi təbabət bölmələrində fəaliyyətləri davam etdirərək elmi məruzələri dinləyiblər.

Bu gün sona çatan konfransda bildirilib ki, ilk dəfə bu mövzuda keçirilən elmi-praktik cəhətdən əhəmiyyətli olan tədbir qarşıya qoyulan bir sıra məsələlərin həllinə nail olunmasına yardım edib. Konfransda səsləndirilən çıxışlar, məruzələr, o cümlədən 150 müəllifdən konfransın təşkilat komitəsinə daxil olmuş 100-dən artıq elmi məqalə toplanaraq dərc ediləcək.