26/06/2014 07:59

Müdafiə naziri şəxsi heyəti təbrik etdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şəxsi heyəti təbrik edən müdafiə naziri qeyd edib ki, Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan Ordusu müasir tələblər səviyyəsində yenidən qurulmuş, peşəkar hərbçi kadrların hazırlanması ön plana çəkilib, Orduda vahid komandanlıq prinsipi təmin edilib: “Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Bu gün Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram.”.