19/12/2013 13:40

Müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi, general-polkovnik Alpaslan Erdoğanı qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran müdafiə naziri, regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.