30/05/2015 16:17

Müdafiə naziri “Zabit ixtisası kursu”nun dinləyiciləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov xüsusi təyinatlı təhsil müəssisələrindən 2014-cü ildə məzun olmuş dinləyicilərin hazırlıq keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar aparılan uğurlu islahatlar barədə qısa məlumat verib. O, Müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə görüş iştirakçıları adından minnətdarlığını bildirib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov dinləyicilər qarşısında çıxış edərək prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələblərini, ordu rəhbərliyinin tapşırıqlarını gənc zabitlərə çatdırıb, cəbhəboyu zonada əməliyyat şəraiti, Silahlı Qüvvələrin inkişaf istiqamətləri, döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işləri və digər məsələlər barədə ətraflı məlumat verib.

Qarşıda duran vəzifələrdən danışan müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.

Prezidenti İlham Əliyevin “Müharibə bitməyib, davam edir və biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik” sözlərini xatırladan müdafiə naziri yaxın vaxtlarda hərbi hissələrə təyin ediləcək gənc zabitlərə tövsiyə edib ki, tabelikdəki şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün səfərbər etmək onların başlıca vəzifəsi olmalıdır.

“Tabeliyinizdəki şəxsi heyətə hərbi vərdişləri, vətənpərvərlik hisslərini aşılamaqla onları istənilən anda döyüşə səfərbər etməyi bacarmalısınız. Unutmayın ki, torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır. Dövlətimizin və xalqımızın dəstəyi nəticəsində Azərbaycanın hərbi qüdrəti getdikcə güclənir. Ordumuzun silahlanmasına müasir döyüş texnikaları, yeni tank və zirehli döyüş maşınları daxil edilir. Amma bu müasir silah və texnika şəxsi heyət tərəfindən bacarıqla istifadə edilməlidir”, – deyə general-polkovnik Həsənov əlavə edib.

Keçən ilin yay aylarında və bu il ərzində cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan müdafiə naziri diqqətə çatdırıb ki, həmin dövrdə növbəti dəfə ordumuzun lazımi qədər hərbi gücə malik olduğu sübuta yetirildi.

Müdafiə naziri itkilərlə üzləşən düşmənin Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdiyini bildirib.

Dövlət tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Z. Həsənov qeyd edib ki, müasir dövrdə Azərbaycanın hərbi büdcəsindən sosial sahəyə xeyli miqdarda maliyyə vəsaiti ayrılır.

Müdafiə naziri çıxışının sonunda gənc zabitlərə üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək hərbi xidmətdə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar hərbi təhsil dövründə qazandıqları bilik və vərdişlərlə Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə öz töhfələrini verəcəklər.

Görüşün sonunda müdafiə naziri gənc zabitlərin suallarını cavablandıraraq bir sıra məsələlərə aydınlıq gətirib, xidmətlə bağlı tövsiyə və tapşırıqlarını verib.