09/11/2013 11:37

Müdafiə naziri Zakir Həsənov Bərdə korpusunun hərbi hissələrində olub – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfər çərçivəsində bu gün I ordu birləşməsində olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.

Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.
Zabit heyəti ilə keçirilən müşavirə və görüşlərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.