09/02/2014 08:01

Müdafiə naziri Zakir Həsənov cəbhə xəttindəki kəndinin sakinləri ilə görüşüb – FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlərin müşayiəti altında əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim olunub.

General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub.

Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə naziri ilə görüşdə kənd sakinləri yaşadıqları vəziyyəti anladıb, kəndlərin müdafiəsində iştirak və könüllü olaraq döyüşlərə qatılmaq üçün müdafiə nazirinə müraciət ediblər. Görüş zamanı müdafiə naziri Zakir Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kəndinin sakinlərindən birinə xatirə olaraq öz saatını bağışlayıb.