20/02/2014 03:55

Müdafiə naziri Zakir Həsənovun Serbiyaya səfəri başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin son günü fevralın 18-də, müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiyanın prezidenti Tomislav Nikoliç qəbul edib.

Görüş zamanı müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.

Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Fevralın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana dönüb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və Baş Əməliyyatlar İdarəsinin rəisi, general-mayor Eyvaz Cəfərov təmsil olunublar.