29/01/2014 14:14

Müdafiə Nazirliyi Tovuzda əsir götürülən erməni barədə məlumat yayıb

Müdafiə Nazirliyi bu gün cəbhə xəttinin Tovuz rayonu istiqamətində ələ keçirilmiş Ermənistan vətəndaşı barədə rəsmi məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi əsgərlərimiz tərfindən ələ keçirilib

Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

“Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərfindən ələ keçirilib”, deyə xəbərdə bildirilir.

Hazırda saxlanılan erməni əsirinin fəaliyyəti ilə bağlı araşdırma aparılır.