27/01/2015 05:13

Müdafiə Nazirliyi: Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var

Düşmən hücumlarının qarşısı alınan zaman Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olubErmənistan Ordusunun kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bəyan edib ki, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.

Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.

Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub, yaralananlar var.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

“Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir”, – deyə Nazirlik bəyan edib.