30/07/2015 16:45

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib. Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi ilin ilk 6 ayını uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.

Hesabat dövründə istehsal olunan məmulatların 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki məmulatlar təşkil edir. Mülki məhsulların istehsalı üzrə proqnoza 106 faiz əməl edilib.

2015-ci ilin istehsal proqramına uyğun olaraq birinci yarımillikdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar sonuncu qatıldığı cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2015 beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Sərgi zamanı 2016-ci ildə Azərbaycanda keçiriləcək ADEX-2016 ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.

Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.