29/04/2014 12:01

Müdafiə Sənayesi Nazirliyində kollegiya keçirilib

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Bildirildi ki, hesabat dövründə nazirliyin müəssisələrində 2014-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmində 1,7 dəfə artım əldə edilib. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı, elmi-tədqiqat və təcrübi konstruktor işlərinin həcmi 1,7 dəfə artıb.

Hesabat dövründə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

Mülki məhsulların istehsalı üzrə proqnoza əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 55 faiz artım əldə edilib. 2014-cü ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 66 mövzu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar 2009-cu ildən etibarən, mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. Nazirliyin sonuncu qatıldığı sərgi aprel ayının 14-dən 17-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisi “DSA-2014” olmuşdur. Bu sərgi dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri idi. Müdafiə Sənayesi Nazirliyi 55 ölkədən 800-dən artıq qabaqcıl şirkətin qatıldığı “DSA-2014” sərgisində 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Sərgidə “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfəngləri, tank və zirehli texnikalar üçün pulemyot, hücum pulemyotu, ilk dəfə olaraq universal pulemyot, “Zəfər”, “Zəfər-K” və “İnam” tapançaları, pilotsuz uçuş aparatları, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, əleyhqazlarla yanaşı digər məmulatlar da nümayiş etdirilib. Bu sərgidə də MSN-in nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı olunub və stendi ziyarət edən nümayəndələrə sərgi ilə bağlı dəvətlər çatdırılıb.

Kollegiya iclaslarında MSN-in birlik və müəssisələrinin rəhbərlərinin hasabatları da dinlənilib.

Nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.

Nazir prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.