17/04/2013 04:21

Müdafiə Sənayesi Nazirliyinin yeni istehsal mərkəzləri açılacaq

Nazir açıqladı
Cari ilin aprel-may aylarında Müdafiə Sənayesi Nazirliyində (MSN) yeni istehsal sahələrinin açılışı planlaşdırılır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ilin birinci rübünün yekunlarına dair müşavirəsində müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, açılacaq yeni istehsalat sahələri arasında müxtəlif çaplı döyüş sursatlarının istehsalı mərkəzi, döyüş sursatlarının utilizasiyası mərkəzi, kiçik çaplı döyüş sursatları üçün nəzarət sınaq mərkəzi, müxtəlif növ minaların və aviasiya bombalarının doldurma mərkəzi və alışdırıcı kapsulların istehsalı mərkəzləri var.

Y. Camalov qeyd edib ki, cari ilin birinci rübündə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, “Zəfər-K” tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar.

Nazirliyin müəssisələri tərəfindən istehsal edilmiş 30 ədəd “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinin və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 5 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. Həmçinin, Müdafiə Nazirliyinin istifadəsində olan 27 “Orbiter” tipli pilotsuz uçuş aparatları üzərində əsaslı təmir və təkmilləşdirmə işləri aparılıb. Hazırda 60 zirehli maşının və “Aerostar” tipli pilotsuz uçuş aparatları üzrə 4 sistemin istehsalı üçün müvafiq işlər aparılır. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 71 mövzunu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Hesabat dövründə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması işləri tam başa çatdırılıb. Məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub.

“Bundan başqa, cari ildə NATO standartlarına uyğun 7,62×51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaq», – deyə nazir vurğulayıb.

Y. Camalovun sözlərinə görə, cari ildə bütün növ döyüş sursatlarının istehsalında əsas dəstləşdirici kimi istifadə olunan partlayıcı maddələr – barıt, trotil və heksogenin istehsalı üzrə 3 zavodun tikintisinə başlanılacaq. Həmin zavodlar üçün lazım olan müasir texnoloji avadanlıqların çox hissəsi ölkəyə gətirilib. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan daha 6 istehsal sahəsində son tamamlanma və sazlama işləri aparılır. Həmin sahələr – 40×46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı, 23, 30 və 40 millimetrlik döyüş sursatları üçün müxtəlif tipli partlayıcıların istehsalı, 30 millimetrlik A42 topunun istehsalı, artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin gövdələrinin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı sahələri, habelə adıçəkilən mərmilərin doldurulması və yığılması zavodlarıdır. Bununla da, nazirliyin yaranmasından keçən müddət ərzində istifadəyə verilmiş istehsal sahələrinin ümumi sayı 47-yə çatacaq.